Qəlblərdə əbədi həkk olunmuş böyük şəxsiyyət

Milli mətbuatımızın görkəmli nümayəndəsi, alim, pedaqoq, ictimai xadim, professor Nəsir Əsədulla oğlu İMANQULİYEVİN ölümündən 10 il keçir

“Kommunist Partiyasının ciddi monopoliyasının hökm sürdüyü, liberal qanunvericilik bazasının olmadığı, söz mətbuat azadlığının təmin edilmədiyi bir məqamda “Bakı”nı sözün həqiqi mənasında “Əkinçi”nin, “Molla Nəsrəddin”in varisinə çevirmək böyük cəsarət və peşəkarlıq tələb edirdi”.
Azərbaycanın ilk maarifçiləri olan Mirzə Fətəli Axundov, Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Həsən bəy Zərdabi, Ömər Faiq Nemanzadə, Mirzə Cəlil kimi böyük mütəfəkkirlər təkcə pedaqoji fəaliyyətləri, bədii əsərləri ilə deyil, həm də bədii-publisistik yazıları ilə Azərbaycan xalqının oyanışına öz töhfələrini vermişlər. İlk dərslik müəllifi, tanınmış qələm sahibi olan bu böyük fitri istedad sahibləri sinif otaqlarına, auditoriyalara sığmayan səslərini, iti qələmlərini sonralar mətbuata gətirməklə böyük bir nəslin ustadına, millətin görkəmli şəxsiyyətlərinə çevrildilər.
Həsən bəy Zərdabinin “Əkinçi”si daşı mürur ilə əritdiyi, Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin”i xalqı cəhalətdən oyadıb, cahil insandan kamil insana yol saldığı kimi, Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun “Həyat”ı, “İrşad”ı, Nəriman Nərimanovun, Üzeyir bəy Hacıbəyovun məşhur yazıları yaddaşa qayıdış ideyalarının şum yerinə çevrildi. 1937-ci ilin repressiyalarından, II Cahan savaşından keçən şəhidlərin al qanından durulan Azərbaycan xalqını bu ağır sınaqlardan məhz böyük müəllimlər və qələm sahibləri çıxarıb sabahkı qələbələrə, azad, suveren Azərbaycanın işıqlı gələcəyinə inandıra bildi.
Müharibənin acılarını yaşayan Azərbaycan xalqının böyük pedaqoq-yazıçıları Səməd Vurğun, Mir Cəlal, Cəfər Xəndan, İlyas Əfəndiyev, Mehdi Hüseyn, İsmayıl Şıxlı bədii əsərləri ilə 60-cılar nəslinin formalaşmasına öz töhfələrini vermişlər.
Müharibənin dəhşətlərindən keçən Azərbaycanın sabahı təkcə bu böyük qələm sahiblərinin ruhundan cücərən əsərlərdə yaşamadı, çalışdıqları, fəaliyyət göstərdikləri elm ocaqları və milli mətbuat orqanları ilə birlikdə hər birinin şəxsiyyəti, mənəvi aləmi bir universitet oldu.
Bu məşhur simaların, böyük qələm sahiblərinin, pedaqoqların, universitet qurucularının içərisində bir unudulmaz millət fəadisi də var idi. O sözün həqiqi mənasında ömrünü, yaradıcılığını universitetin, milli mətbuatımızın inkişafına, jurnalist kadrların hazırlanmasına həsr etmiş Nəsir İmanquliyev idi. Uşaqlığı, gəncliyi inqilablardan, repressiya və müharibələrdən keçən Nəsir müəllim mətbuata özünün milli vətənpərvərlik hisslərindən, ədəbi-mədəni dəyərlərə olan sevgisindən gəlmişdi. Tale onu “Gənc işçi”, “Yeni yol”, “Kommunist” kimi qəzetlərin redaksiyalarında püxtələşdirmişdi. Bu qəzetlərdə məsul vəzifələr tutan Nəsir müəllim publisistik və bədii yazıları ilə Həsən bəy Zərdabi ənənələrini dövrün müasir mətbuatına gətirmişdi.
Müharibənin odundan-alovundan keçən bu böyük qələm sahibi 1942-ci ildə Krım cəbhəsində təkcə süngüsü ilə deyil, həm də qələmi ilə döyüşmüşdü.
“Döyüşən Krım” qəzetində məsul katib, hərbi hissədə tərcüməçi və siyasi işlər üzrə müavin kimi xidmət edən Nəsir müəllim həm də döyüşən yazıları ilə əsgərlərin vətənpərvərlik ruhunu formalaşdırmışdı. Qısa bir vaxtdan sonra onun arxa cəbhəyə - Bakıya, köhnə iş yerinə, “Kommunist” qəzetinə göndərilməsinin səbəbi də daha çox qələmi ilə döyüşə biləcək, döyüşən Bakının insanlarını qələbəyə ruhlandıracaq qələm sahibinə inamla bağlı idi.
Nəsir müəllim ordudan tərxis olunduqdan sonra “Kommunist” qəzetində məsul katib və baş redaktorun müavini kimi fəaliyyət göstərdi. O, bu qəzetdə “Döyüşən səhifələr” guşəsi yaratmaqla hərbi vətənpərvərlik ideologiyasına töhfələrini verdi. Qəzetdə yaranan ədəbiyyat dərnəyi isə böyük bir şairlər, yazarlar nəslinin, xüsusən də cəbhə yazarlarının yetişməsinə, püxtələşməsinə təkan verdi. 1946-cı ildə o zaman çox-çox qələm sahibinə nəsib olmayan Moskva Mərkəzi Qəzet Kursunu bitirən Nəsir müəllim Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində pedaqoji fəaliyyətə başladı. Bu, o dövr idi ki, həm indiki Bakı Dövlət Universiteti yenidən qurulur, həm də filologiya fakültəsi nəzdində indi 60 yaşı tamam olan jurnalistika fakültəsi yaradılırdı. Elə həmin ildən universitet auditoriyalarına qədəm qoyan böyük publisist və jurnalist Nəsir İmanquliyevin adı həm də universitetin ilk qurucularının cərgəsinə yazıldı.
Böyük müəllim, peşəkar jurnalistikadan mühazirələr oxuyan Nəsir İmanquliyevin ən böyük xidmətləri ondan ibarət idi ki, o, universitet auditoriyalarına kimlərinsə yazdığı mühazirə mətnlərini oxumağa gəlməmişdi, özü tədris etdiyi “Jurnalistikanın əsaslarını, nəzəriyyəsini və təcrübəsini” qələmə almaqla yanaşı, redaksiya ilə auditoriya, universitetlə mətbuat arasında bir məktəbə çevrilmişdi. Onun tələbələri bu böyük qələm sahibindən təkcə jurnalistikanın nəzəriyyəsini və əsaslarını öyrənmirdilər, onun rəhbərlik etdiyi qəzetlərin əməkdaşlarına çevrilməklə öz imzalarını tələbəlikdən təsdiq etmiş olurdular.
Bakı Şəhər Partiya Komitəsində, sonra Mərkəzi Komitədə təbligat-təşviqat şöbələrində rəhbər vəzifələrində işləyən Nəsir müəllim təkcə jurnalist, ictimai xadim kimi deyil, həm də radio-televiziya və mədəniyyət qurucusu kimi milli-mənəvi dəyərlərimizin inkişafına öz töhfələrini vermişdi. Onun Mədəniyyət Nazirliyinin Radio-İnformasiya Baş İdarəsinin rəisi, nazirliyin kollegiya üzvü, Azərbaycan Radio və Televiziya Komitəsində sədr müavini olduğu illərdə bu nazirliklərin struktur inkişafında, eləcə də tarixə müasirlik arasında əldə olunan yeniliklərdə xüsusi xidməti var idi. Hazırlanan layihələr, keçirilən görüşlər, efirə təqdim olunan verilişlər məhz bu böyük qələm sahibinin, ictimai xadimin, milli vətənpərvər ziyalının ideyalarından pərvəriş tapırdı.
1958-ci ildə isə Nəsir müəllimin həyatında, ümumiyyətlə, ictimai-siyasi fikir və mətbuat tariximizdə möhtəşəm bir hadisə baş verdi: paytaxtımızda “Bakı” axşam qəzeti nəşrə başladı. Mərkəzi Komitənin qərarı ilə onun baş redaktorluğu Nəsir İmanquliyevə həvalə olundu. İndiyədək jurnalistikanın nəzəri və praktiki məsələləri ilə məşğul olan Nəsir müəllim baş yazarı olduğu “Bakı” qəzetini təkcə öz tələbələrinin laboratoriyasına, şəhər əhalisinin informasiya mənbəyinə deyil, sənət-söz adamlarının, xüsusən də gənc yazarların, tədqiqatçı alimlərin meydanına çevirdi. Bununla da milli mətbuat tariximizdə Həsən bəy Zərdabinin “Əkinçi”sindən başlayan, Mirzə Cəlilin “Molla Nəsrəddin” ədəbi məktəbində püxtələşən, 1920-ci ildə Demokratik Cümhuriyyət devrildikdən sonra kommunizm ideologiyasına xidmət etməyə məhkum olan milli maarifçilik ideologiyası Nəsir müəllimin “Bakı” qəzetində yaddaşlara qaytarılmış oldu. 30 ildən çox “Bakı”, sonra “Baku” qəzetlərinin redaktoru olan Nəsir müəllim bu nəşrlərlə milli mətbuat tariximizə peşəkar jurnalistikanı, dəqiq, qərəzsiz informasiyanı, maarifçilik ruhunu, milli-mənəvi dəyərlərə hörmət hissini gətirmiş oldu. Jurnalistikanın elmi-nəzəri problemlərini işləyən bu böyük alim həm də onu ciddi elm sahəsinə çevirməklə bu gün çox dəbdə olan “Jurnalistika dördüncü hakimiyyətdir” ideologiyasını formalaşdırmış oldu. Kommunist Partiyasının ciddi monopoliyasının hökm sürdüyü, liberal qanunvericilik bazasının olmadığı, söz-mətbuat azadlığının təmin edilmədiyi bir məqamda “Bakı”nı sözün həqiqi mənasında “Əkinçi”nin, “Molla Nəsrəddin”in varisinə çevirmək böyük cəsarət və peşəkarlıq tələb edirdi. Tale Nəsir müəllimə bu böyük xoşbəxtliyi nəsib etmişdi. O, böyük jurnalist, müəllim, ictimai xadim olmaqla yanaşı şəxsiyyət idi, “Dildə, fikirdə, işdə birlik” nidasına tapınan İsmayıl bəy Qaspıralı “Tərcüman” qəzetini millətin istiqlal və yaddaş tərcümanına, istedadlı qələm sahiblərini nur yerinə çevirdiyi kimi Nəsir müəllim də öz “Bakı”sını, eləcə də “Baku”sunu Bakının, ümumiyyətlə götürəndə bütün Azərbaycanın aynasına, yaddaş saxlancına çevirdi.
Gəlişi ilə jurnalistika sahəsində öz məktəbini yaradan Nəsir müəllimin ən böyük əsərləri onun yetirmələri, baş yazarı olduğu “Bakı” və “Baku” qəzetləri olsa da, onun şah əsəri ərəb-məhcər ədəbiyyatının dünyada ilk qadın tədqiqatçısı, Azərbaycanı və türk dünyasını ideya və məfkurə birliyinə çağıran, Şərqi və Qərbi birlik, qardaşlıq fəlsəfəsinə səsləyən Bakı Dövlət Universitetinin professoru, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, ərəb filologiyası üzrə məşhur tədqiqatçı alim, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyeva idi. Nəsir müəllim heç bir mətbu orqana ruhundan qida verməsəydi, bir qələm sahibini püxtələşdirib pərvaza gətirməsəydi belə, Azərbaycan xalqının yaddaşına böyük ziyalı, vətənpərvər insan, dahi şəxsiyyət kimi yazılacaqdı. Çünki o, bu gün dünya şərqşünaslarının adını hörmətlə çəkdiyi Aida xanıma ruhundan qida vermişdi.
1942-1945-ci illər müharibəsi zamanı mətbuatın rolundan namizədlik dissertasiyası yazan, dərslikləri, dərs vəsaitləri, həmmüəllifi olduğu sanballı monoqrafiyaları, tərcümə ədəbiyyatının ən gözəl nümunələri sayılan kitabları ilə alim, pedaqoq, yazıçı və mütərcim kimi hörmət qazanan, Böyük Vətən müharibəsindəki, quruculuq illərindəki fədakar əməyinə görə dəfələrlə orden və medallarla təltif olunan Nəsir müəllim milli mətbuatımızın inkişafındakı xidmətlərinə görə iki dəfə “Qızıl qələm” mükafatına, “Əməkdar mədəniyyət işçisi”, “Əməkdar jurnalist” fəxri adlarına layiq görülmüşdür. Bütün bunlar Nəsir müəllimin zəngin həyatının, yaradıcılığının kiçik bir yazıda qeyd olunan məqamlarıdır.
Bəli həqiqətdir ki, alimin yer üzündə tamamlanan cismani ömrü ruhunu köçürdüyü sanballı əsərlərində, amalının və əməlinin davamı olan yetirmələrinin duyğularında yaşayır.
2006-cı il dekabrın 22-də Bakı Dövlət Universitetinin Böyük Akt zalında iynə atsaydın yerə düşməzdi. Nəsir müəllimin doğmaları, dostları, çoxsaylı yetirmələrinin xəbər tutanı Ustad işığına toplaşmışdı. Xatirələr çözüldükcə böyük bir alimin, müəllimin, özü də əsl xalq müəlliminin, xeyirxah, nəcib insanın, peşəkar mətbuat qurucusunun obrazı yaranırdı. Və bu, təkcə bir nəfərin nurdan yaranan obrazı deyildi. O, universitetin – indi də bütün tədris mərkəzlərimizin flaqmanı olan Bakı Dövlət Universitetinin portretini yaradırdı. İşıqdan, nurdan, sevgidən, təmənnasız alim sevgisindən cücərən bu portret yadıma həm də Əziz Əliyev, Yusif Məmmədəliyev, Şəfaət Mehdiyev, Feyzulla Qasımzadə, Mir Cəlal Paşayev kimi adlarını sadalamadığım, özləri də bir universitet olan ziyalıları, universitetimizin fədailərini salırdı.
Bir alim, elm, tədris təşkilatçısı, universitet rektoru kimi dünyanın yaşı yüz illərlə ölçülən məşhur universitetlərində, elm-tədris mərkəzlərində olmuşam. Nəhəng alimlərlə dialoqlar aparmışam. Amma inanın, universitetimizin təməlini qoyanlardan biri Nəsir müəllim kimi alimlərə çox nadir hallarda rast gəlmişəm. Və həmin andaca qürurlanıb düşünmüşəm: nə yaxşı ki, dünyanın yaşı illəri haqlayan məşhur universitetləri ilə yanaşı durmağa qadir olan, Avropa alimlərini öz nəzəriyyələri, təlimləri ilə qabaqlayan Məlik şahın zamanında qurulan Nizamiyyə Universiteti, təməli Sultan Səlimin zamanında qoyulan Səhni-Səman Universiteti, Uluqbəy və Tusi Rəsədxanası kimi məşhur elmi mərkəzlərimiz, dünyanı bu gün də heyrətdə saxlayan, yaradıcılığı, poeziyası ilə özü də bir məktəb, universitet olan məşhur ziyalılarımız olub.
Nizami Gəncəvinin “Xəmsə” məktəbindən, Şeyx Cəmaləddin Əfqaninin Birlik-Qardaşlıq fəlsəfəsindən, Məhəmməd Füzulinin ilahisi eşq çeşməsindən durulan, Qori Müəllimlər Seminariyasının, Firudin bəy Köçərlinin maarifçilik bulağından içən simaların cərgəsində Bakı Dövlət Universitetinin məşhur simaları ilə eyni cərgədə dayanmaq haqqını alının təri, yuxusuz gecələri ilə qazanan professor Nəsir İmanquliyevin adı, imzası da var. Elə olmasaydı, göydən tökülən bürəm-bürəm qara, xəlbirdən süzülən yağışa, küçələri, səkiləri ağzına alan selə baxmayaraq, universitetimizin əməkdaşları, Nəsir müəllimin yetirmələri onun məzarı önündə dayanıb, ustadlarından keçib haqqa doğru yol getməzdilər. Həmin gün Prezident İlham Əliyevin sərəncamı ilə Nəsir müəllimin yaşadığı binaya (Nizami küçəsi, 66) xatirə lövhəsi vuruldu.Universitetdə təşkil olunan 95 illik yubiley mərasimi xanəndə Yaqut Abdullayevanın kövrək səsinin sehrinə düşdü. Mərasimə ən gözəl rəngi, ahəngi isə Nəsir müəllimin sevimli nəvəsi, böyük alimimiz, vətənpərvər ziyalımız, Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz xanım Paşayevanın redaktorluğu ilə hazırlanan “Mətbuatımızın klassiki” kitabı, olduqca məzmunlu nitqi və onun təməlini qoyduğu “ÜNS” teatrının gənclərindən ibarət xor qrupu gətirdi.Bizə mənəvi zənginlik baxış edən bu məqam heç şübhəsiz ki, Nəsir müəllimin ruhunu şad etdi. Çünki bu çıxışlardakı ehtiramın iki ünvanı var idi: Nəsir müəllimin və onun yolunda ömrünü şam kimi əritdiyi, indi 50-ci baharını qeyd etdiyimiz “Bakı” qəzeti!
Ötən ilin mayında isə kollektivimiz Nəsir müəllimin adı, şərəfli ömür yolu ilə bağlı daha möhtəşəm bir hadisənin şahidi oldu. Biz Nəsir müəllimin düz yarım əsrdən çox çalışdığı, yüzlərlə yetirməsinə ruhundan qida verdiyi jurnalistika fakültəsinin “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasının önünə vurulan xatirə lövhəsinin açılışını etdik. Görkəmli jurnalist, ictimai xadim və pedaqoq kimi zamanında əfsanəyə çevrilmiş professor Nəsir İmanquliyevin yetirmələrinin çoxu milli mətbuatımızın salnaməsini yaradan qələm sahiblərinin cərgəsindədir.On ildir ki, Nəsir müəllim cismən aramızda yoxdur. Lakin, o qəlbimizə əbədi həkk olunmuşdur və həmişə böyük ehtiramla yad edilir. Milli jurnalistikamızda özünəməxsus məktəb yaradan Nəsir müəllimin adı gələndə hər kəsin yadına öncə bu gün 50-ci baharını qeyd edən “Bakı” və”Baku” qəzetləri düşür. Jurnalist var ki, özündən sonra çoxsaylı məqalələr, oçerklər, publisistik əsərlər qoyur, jurnalist də var ki, dövrünün nəbzini tutan məşhur mühərrir, redaktor kimi adını tarixə yazır. Amma milli mətbuat tariximizdə yeganə bir jurnalist var ki, iki qəzetin təməlini qoyub, ona sərasər düz 30 il rəhbərlik edib, kollektivini formalaşdırıb, dövrünün, zamanının aynasını yaradıb. Bu bütün universitetimizin adı ilə qürur duyduğu, jurnalistika fakültəsinin qurucularından biri kimi tarixə düşən professor Nəsir İmanquliyevdir. Mən onun təməlini qoyduğu, məktəbini yaratdığı qəzetin yaradıcı kollektivinə uğurlar arzulayıram. İnanıram ki, onlar bundan sonra da şəhərimizin, dövlətimizin, vətənimizin qurucuları sırasında olacaq, həqiqəti, doğru sözü yazacaq, çoxsaylı oxucularını səfərbər edəcəklər!

Abel MƏHƏRRƏMOV,
Bakı Dövlət Universitetinin rektoru, akademik,
Milli Məclisin deputatı

“Bakı” qəzeti, 05 -11 mart 2008-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!